REGİONLAR
İlin birinci yarısında Tərtərdə ümumi məhsul buraxılışının həcmi 69 milyon 61,2 min manat olub
Tərtər, 30 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 69 milyon 61,2 min manat təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları 8,4 faiz artaraq, 38 milyon 449,4 min manata, sənaye məhsullarının həcmi 4,3 faiz artaraq, 2 milyon 949,8 min manata çatıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 567,7 min manat investisiya yönəldilib. Dövr ərzində rayonda 166-sı daimi olmaqla, 546 yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar rayonda ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, birinci yarımildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb.
Hazırda Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının, Olimpiya İdman Kompleksinin, Qapanlı kənd tibb məntəqəsinin tikintisi davam etdirilir. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması, rayon ərazisində müvəqqəti məskunlaşmış 1170 məcburi köçkün ailəsi üçün qəsəbənin, Sarıcalı-Zolgəran kəndləri ərazisində, Tərtər çayı üzərində yeni körpünün inşası üçün hazırlıq işləri aparılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, birinci yarımildə 26,6 milyon manatlıq bitkiçilik məhsulları, 11,8 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub. Dövr ərzində 10 min 843 hektar taxıl sahəsində biçin aparılıb, 20 min 837 ton buğda, 18 min 30 ton arpa tədarük edilib. Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 118 subartezian quyusunun nasosu əsaslı təmir olunub, 12 subartezian quyusunun yararsız nasosları yenilənib. Susuzluqdan əziyyət çəkən ərazilərdə 14 yeni subartezian quyusunun qazılması və 6 quyunun bərpası nəzərdə tutulub. Artıq Düyərli, Hüsənli, İsmayılbəyli və Azad Qaraqoyunlu kəndlərinin hər birində 1 subartezian quyusu qazılıb, Evoğlu kəndində 1 quyu təmir olunub.
Çıxışlarda digər sahələrdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar. Bildirilib ki, 2015-ci ildə qarşıya qoyulan vəzifələr vaxtında yerinə yetiriləcək, tərtərlilər müstəqil Azərbaycanın, o cümlədən Tərtər rayonunun inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlar.