CƏMİYYƏT
İlin birinci yarısında istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb
Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur
Bakı, 31 iyul, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2017-ci ilin birinci yarısının yekunlarına dair səyyar kollegiya iclası keçirilib.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Kollegiyanın sədri Yavər Camalov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən siyasət nəticəsində həyata keçirilən qlobal islahatların yekunu olaraq iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edildiyini bildirib. Qeyd edilib ki, son illər yürüdülən iqtisadi strategiya əsasında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələnməsində, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında öz müsbət təsirini göstərib. Aparılan islahatlar nəticəsində böyük uğurlar əldə edilən inkişaf sahələrindən biri də qısa zamanda özünün inkişaf tempi ilə illərin təcrübəsini qazanmış istehsal sahələrindən heç də geri qalmadığını göstərən və bugünkü göstəriciləri ilə sanki nümunəyə çevrilən müdafiə sənayesi sahəsidir.
Yavər Camalov cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən iki yeni istehsal zavodunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı söylədiyi “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik” fikirlərini bir daha diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısı tərəfindən söylənilmiş bu dəyərli sözlər sahənin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərə verilən ən yüksək qiymətdir.
Nazir qeyd edib ki, hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. Birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə - ”Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub. Bunlarla yanaşı, cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və sair məmulatların silahlanmaya tövsiyə edilməsi nəzərdə tutulur.
Birinci yarım ildə istehsal olunan ümumi məhsulun 92 faizini müdafiə və xüsusi təyinatlı, 8 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir.
Azərbaycan Prezidentinin tapşırığına əsasən idxalın yerli istehsalla əvəzlənməsi məqsədilə respublikanın müvafiq qurumlarının sifarişləri əsasında illik istehsal gücü 3 min ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının müəssisədə istehsalı sahəsi yaradılıb və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsinə başlanıb.
Hesabat dövründə nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye kompleksinə daxil olan şirkət və firmalarla mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni əlaqələrin yaradılması olub. Bu istiqamətdə aparılan danışıqların nəticəsidir ki, bu gün MSN-in müəssisələrində yaradılan və istehsal olunan milli məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilir. Belə sərgilərdən biri də cari ilin mayında Türkiyədə keçirilən “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi olub. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 260 adda müdafiə və xüsusi təyinatlı məmulatla təmsil olunub.
Ölkədə ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı MSN-də də məqsədyönlü işlər aparılır. Bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan xüsusi təyinatlı məhsullarlardan - döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) 2017-ci ildə yerinə yetirilməsi nəzərdə tutulan 31 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) cari ildə yerinə yetirilməsi nəzərdə tutulan 34 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılır.
MSN-in müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Texniki Universitetində yaradılan “Xüsusi texnika və texnologiyalar” fakültəsini bu il bitirmiş məzunlardan 54-ü nazirliyin müəssisələrində işlə təmin edilib.
Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.
Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.
Sonda Yavər Camalov ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırladıb və sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.