CƏMİYYƏT


İlin doqquz ayında narkotiklərlə mübarizə sahəsində 2628 fakt aşkarlanıb

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2016-cı ilin doqquz ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatı açıqlayıb.

Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib. Onlardan 667-si satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ünü isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kiloqram 680,957 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 21 min 482 çətənə kolu müsadirə olunub.

Həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kiloqram 47,989 qramı marixuana (27,5 faiz), 185 kiloqram 605,73 qramı tiryək (9,5 faiz), 1 ton 172 kiloqram 489,814 qramı heroin (60 faiz), 30 kiloqram 112,649 qramı həşiş (1,5 faiz), 34 kiloqram 863,637 qramı digərləri (1,5 faiz) və 561,138 qramı psixotrop maddələr (11848 ədəd həb) təşkil edib.

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kiloqram 920,75 qram narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə ümumilikdə 1800 nəfər cəlb edilib. Məsuliyyətə cəlb edilən əcnəbilərdən 12-si İran, 4-ü Gürcüstan, 1-i Hindistan, 1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.