REGİONLAR
İlin əvvəlindən bəri Ağdamda 922 baş heyvan süni mayalandırılıb
Ağdam, 15 avqust, AZƏRTAC
Ağdam rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Ağdam rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Ruslan Məmmədov AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Heyvanlar arasında süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.
İlin əvvəlindən rayonda fəaliyyət göstərən 4 süni mayalama texniki tərəfindən 922 baş inək və düyə süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış heyvanlardan bu il 452 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole” cinsindən olan buğaların toxumlarından istifadə edilir.