REGİONLAR
İlin əvvəlindən bəri Qəbələdə 43 hektar bağ-meşə salınıb
Qəbələ, 27 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır, yeni ağac tinglərinin yetişdirilməsi və meşə sahələrinin, eləcə də bağ-meşələrin salınması işləri uğurla davam etdirilir.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Qəbələdə yeni meşəliklərin salınması mövsümünə bu ayın əvvəlində start verilib və hazırda ağac əkini işləri davam etdirilir. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 100 hektar sahədə meşə-bağ sahəsinin salınması nəzərdə tutulur. Bu günədək 43 hektar sahədə meyvə ağaclarının əkini aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Əraziyə 10 mindən çox qoz, şabalıd, fındıq və alma ağacı tingi əkilib. Bağ-meşəliklərin salınmasında müəssisənin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur.
Rayon meşəçiləri ötən ilin payız aylarında rayonda palıd, göyrüc, ağcaqayın, vələs, qızılağac və digər qiymətli ağac növlərindən ibarət 30 hektar sahədə mədəni meşəlik salmışdılar. Bu il ilk dəfə olaraq rayonun meşə fondunun torpaqlarında meyvə ağaclarından ibarət bağ-meşəliklərin salınmasına start verilib. Cari ilin payız aylarında Qəbələdə daha 200 hektar ərazidə qoz, fındıq, şabalıd və alma ağaclarının əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisənin meşə torpaqları genişləndirilərək 33 min 393 hektara çatdırılıb.