REGİONLAR
İlin əvvəlindən bəri Sabirabadın 17 yaşayış məntəqəsi qazlaşdırılıb
Sabirabad, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunun qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 74 yaşayış məntəqəsindən 33-ü qazlaşdırılıb. Onların sırasına 1782 nəfər əhalinin yaşadığı Şıxsalahlı kəndi də əlavə olunub. 376 abonentin yaşadığı kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 50 min 353 metr olan müxtəlif diametrli borularla birpilləli sistem üzrə daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 376 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, cari ilin əvvəlindən bəri rayonun 17-i kəndinə “mavi yanacaq” verilib. Hazırda 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin əhalisi də təbii qazdan istifadə edəcək. Rayonun daha 5 kəndinin qazlaşması üçün layihələndirmə işləri yekunlaşıb və qaz xətlərinin çəkilişinə başlanılıb. İlin sonunadək rayonun qəsəbə və kəndlərinin 75-80 faizinin qazlaşdırılması nəzərdə tutulur.
Açılış mərasimində çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rəmzi məşəl yandırıldıqdan sonra evlərə təbii qaz verilib.