DÜNYA
İlin əvvəlindən bəri dəniz yolu ilə Avropaya 316 min miqrant gəlib
Bakı, 11 oktyabr, AZƏRTAC
İlin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropa sahillərinə 316 min 311 mühacir və qaçqın gəlib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Coel Millman brifinqdə çıxış edərkən məlumat verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, Aralıq dənizindən Avropaya keçməyə cəhd edən 3611 nəfər həlak olub və ya itkin düşüb. Millman qeyd edib ki, Avropa İttifaqı ilə Türkiyə arasında sazişin imzalanmasından sonra Yunanıstanda və Qərbi Balkan ölkələrində mühacir və qaçqınların sayı 56 faiz artıb.
Euronews telekanalının məlumatına əsasən, Almaniya federal kansleri Angela Merkelin mühacir axınını zəiflətmək məqsədi daşıyan Afrika səfəri başa çatmaq üzrədir. Merkel Mali və Nigerdən sonra Efiopiyaya gəlib. Mali və Nigerdə münaqişələr, Efiopiyada isə gərgin daxili-siyasi vəziyyət nəticəsində bu ölkələrdən Avropaya mühacir axını artmaqdadır. Angela Merkel afrikalı həmkarlarına maliyyə və texniki yardım, həmçinin hərbi əməkdaşlıq vəd edib.
Almaniyanın özündə və xaricdə isə Angela Merkelin miqrasiya siyasəti güclü tənqidlərə məruz qalır. Oktyabrın 11-də yeni sorğunun nəticələri dərc olunub: Almaniyanın hakim partiyasının populyarlığı onun bütün tarixi ərzində ilk dəfə 30 faizdən aşağı enib.