İQTİSADİYYAT
İlin ikinci yarısında “Şahdəniz” platformasından hasilat dayandırılacaq
Bakı, 20 fevral, Nihad Budaqov, AZƏRTAC
Bu ilin ikinci yarısında “Şahdəniz” layihəsinin illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı Şahdəniz qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
O bildirilib ki, plana əsasən “Şahdəniz” platformasından hasilat dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Həmin proqramın hazırlığına 2016-cı ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil olunub.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından (“Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək”, - deyə T.Bayatlı qeyd edib.
O əlavə edib ki, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
Xatırladaq ki, sonuncu dəfə “Şahdəniz” platformasının dayandırılması proqramı “Şahdəniz” layihəsinin illik iş proqramının bir hissəsi olaraq 2015-ci ilin avqustunda həyata keçirilib.