REGİONLAR


İlin ilk üç ayında Qəbələyə 12 mindən çox turist gəlib

Qəbələ, 20 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC

Cari ilin birinci rübü Qəbələ rayonu üçün uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 33 milyon 152 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 3 milyon 684 min manat, yaxud 12,5 faiz artıb. Əsas kapitala yönələn investisiyanın həcmi 5 milyon 219 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 4 milyon 912 min manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu faktlar ötən 3 ayda Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, 2017-ci ilin birinci rübündə Qəbələ Rayon Məhkəməsi, Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsi, Qəbələ Peşə Liseyi, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ Rayon Prokurorluğu, Gömrük Akademiyası üçün inzibati binaların inşası, atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və “Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, şəhərin içməli su və kanalizasiya sisteminin yenidənqurulması işləri davam etdirilib. 2003-cü ilin oktyabr ayından bəri 14 min 132-si daimi olmaqla, 15 min 931 yeni iş yeri açılıb. Bu ilin birinci rübündə isə 866 daimi iş yeri yaradılıb.

Hesabat dövründə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinə, xalça toxuculuğu müəssisəsinin tikintisinə və Heydər Əliyev prospektində əsaslı təmir işlərinə başlanılıb. Rayonda turizmin inkişafı üçün görülən işlər müsbət nəticə verməkdədir. Hazırda Qəbələdə 20 müasir turizm-istirahət obyekti fəaliyyət göstərir. Bu otellərdən 6-sı beşulduzludur. Qəbələdə yerləşən mehmanxana tipli obyektlər bir gündə 2700-dən çox turisti qəbul etmək imkanına malikdir. Son 3 ayda Qəbələyə 12 mindən çox turist gəlib.

Qeyd edilib ki, rayonda 2017-ci ilin məhsulu üçün ötən ilin payızında 21 min 47 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 16 min 262 hektarını buğda, 4785 hektarını arpa sahələri təşkil edir. Hazırda Qəbələdə 6854 hektar meyvə bağı, 509 hektar üzüm plantasiyası mövcuddur. Bildirilib ki, rayonda ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə fındıqçılığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Rayonda 2000 hektar yeni fındıq bağının salınması nəzərdə tutulub. Keçən ilin payızından bu işlərə başlanılıb və ötən üç ayda da davam etdirilib. Ayrı-ayrı kənd ərazilərində indiyədək 900 hektar sahədə yeni fındıq bağları salınıb.

Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzələri dinlənilib, bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.