CƏMİYYƏT
İlin səkkiz ayında respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 16 sentyabr, AZƏRTAC
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlər respublika üzrə hadisələrin və onların ağırlıq dərəcəsinin artmasının qarşısının alınmasına, qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsir göstərib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin səkkiz ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 490 nəfər ölüb, 1409 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8 faiz), həlak olanların sayı 93 nəfər (16 faiz), yaralananların sayı 123 nəfər (8 faiz) azalıb.
Paytaxt ərazisində baş verən 440 yol-nəqliyyat hadisəsi nəticəsində 118 nəfər ölüb, 463 nəfər yaralanıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı müvafiq olaraq 99 fakt (18,4 faiz), 35 nəfər (22,9 faiz), 124 nəfər (21,1 faiz) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5 faizi (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8 faizi (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3 faizi (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9 faizi (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması nəticəsində baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4 faizini (539) piyadaların vurulması təşkil edib. Nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmə ölüb, 124 nəfər yaralanıb.