CƏMİYYƏT


İlin sonunadək 3 mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanda səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir. Bu il Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanası, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanaları əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün – Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib. “Qısa vaxt ərzində bir neçə xəstəxananın da tikintisi başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir”, -deyə səhiyyə naziri bildirib.

O, həmçinin qeyd edib ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdısa, 800 nəfər xəstə növbə gözləyirdisə, bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstənin dövlət hesabına dərman vasitələri ilə təmin olunduğunu bildirən O.Şirəliyev bildirib ki, hazırda bu rəqəm 213 minə çatıb. “Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb”, - deyə səhiyyə naziri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.