İQTİSADİYYAT


İlin sonunadək Azərbaycan ixracatçılarının bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur VİDEO

Bakı, 7 iyul, AZƏRTAC

Bu ilin sonunadək Azərbaycan ixracatçılarının bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev iyulun 7-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun üzvləri, Azərbaycanın Rusiyada, Çində və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndələri, ölkəmizin Belarusdakı Ticarət Evinin rəhbəri ilə görüşündə deyib.

Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Görülən tədbirlər nəticəsində 2017-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 22 faiz artıb. Bu il ərzində "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib, yerli məhsullarımız vahid ölkə stendləri ilə beynəlxalq sərgilərdə nümayiş olunub. Bu ilin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.

Bildirilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə səfirlik və konsulluqlarda ticarət nümayəndələri təyin edilib. Artıq Azərbaycanın 3 ölkədə - Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub. Bu ilin mayında Belarusda Azərbaycan Ticarət Evi yaradılıb. İxracın genişləndirilməsi məqsədilə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın logistika mərkəzi fəaliyyət göstərir. Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan yerli məhsullar üçün ixrac təşviqi ödənilir. Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 milyon manat həcmində ixrac təşviqi ödənilib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda ixracatçılara yaradılmış əlverişli dəstək mexanizmlərindən bəhs edərək, İxracatçılar Klubunun keçirdiyi görüşlərin və seminarların qeyri-neft ixracının genişləndirilməsindəki əhəmiyyətini qeyd edib, ixracatçılarımızı AZPROMO-nun və Beynəlxalq Ticarət Mərkəzinin "Şərq Tərəfdaşlığı: Ticarət hazır ol" layihəsində iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev təmsil etdikləri ölkələrin bazarları və onların tələbləri barədə məlumat verərək, Azərbaycan məhsullarının bu bazarlara çıxarılması və satışının təşkili istiqamətində görülən işləri diqqətə çatdırıblar. Ticarət nümayəndələri iqtisadi maraqlarımızın qorunması, bu ölkələrdən Azərbaycana investorların cəlb edilməsi üçün tədbirlərin görüldüyünü vurğulayıblar.

Belarusdakı Azərbaycan Ticarət Evinin rəhbəri Vasif İsmayılov ticarət evinin Azərbaycan və Belarus arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsindəki mühüm rolunu qeyd edib, ticarət evində daimi fəaliyyət göstərən sərgidə 25 Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsulların nümayiş olunduğunu diqqətə çatdırıb.

Görüşdə İxracatçılar Klubunun üzvləri ilə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.