REGİONLAR
İlin sonunadək Bərdənin bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur VİDEO
Bərdə, 28 oktyabr, AZƏRTAC
Bərdə rayonunun Xanağalı və Hüseynalılar kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Ümumilikdə 261 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 14 min 899 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da həyata keçirilən sosial-iqtisadi inkişafdan, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması durur.
Məlumat verilib ki, indiyədək Bərdə rayonunun 90-a yaxın kəndi təbii qazla təmin olunub. Təkcə bu il 19 kənd qazlaşdırılıb. Hazırda Lək, Qaradəmirçi, Bəcirəvan, Vəliuşağı, Mollaisalar, Köbərkənd, Alpout, Qarayusifli, Xəsili, Qazaxlar, Otuzikilər, Cumalar, Nazırlı, Hacallı, Yerli Ağalı, Tumaslı, Qaratəpə, Bayramlı və Lənbəran kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. İlin sonunadək rayonun bütün kəndlərinin təbii qazla təmin edilməsi nəzərdə tutulur.
Çıxış edən sakinlər kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.