REGİONLAR
İlin sonunadək Xaçmazda daha 12 kəndin qazlaşdırılması başa çatdırılacaq VİDEO
Xaçmaz, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Alıcqışlaq kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Alıcqışlaq kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, bu ilin əvvəlindən Alıcqışlaq da daxil olmaqla, rayonun 13 kəndi qazlaşdırılıb. Bu kəndlərdə təbii qazla təmin olunan yeni abonentlərin sayı 2 mindən çoxdur. Bununla yanaşı, hazırda qazlaşdırma işləri davam etdirilən daha 12 kəndin ilin sonuna kimi “mavi yanacaq”la təmin olunması nəzərdə tutulub. Hazırda Xaçmaz rayonunda 29 min 417 abonent təbii qazdan istifadə edir. Bu da 70 faizə yaxın rayon əhalisinin qazla təchiz olunması demədir.
Alıcqışlaq kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacı quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 5 min 487 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 116 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.