İQTİSADİYYAT


İlk dəfə Avropa İttifaqı ölkəsi ilə Azərbaycan arasında elektron şəkildə Memorandum imzalanıb

Bakı, 16 iyun, AZƏRTAC

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə Estoniya Sertifikat Mərkəzi arasında ilk dəfə olaraq elektron şəkildə beynəlxalq səviyyəli Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanın “Asan İmza” və Estoniyanın “Mobile ID” elektron imzaları vasitəsilə həyata keçirilib. Memorandumu vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikat Mərkəzinin icraçı direktoru Kalev Pihlin imzalayıblar.

AZƏRTAC xəbər verir ki, imzalama Bakıda “Asan İmza” mobil elektron imzanın milli operatoru olan “B.EST Solutions” şirkətinin təşkilatçılığı ilə keçirilən “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı çərçivəsində həyata keçirilib.

Mobil şəbəkə operatorları üçün “Asan İmza” vasitəsilə innovativ xidmətlərin göstərilməsində yeni trend və tendensiyalara həsr olunmuş konfransda Azərbaycan, Rusiya, Ukrayna, Mərakeş, Braziliya, Fransa, İran və Əfqanıstanın regional lider şirkətləri, bank və mobil operatorlarının nümayəndələri öz innovativ təcrübələri ilə bölüşüb, konfransın proqramının aktual məsələlərini müzakirə ediblər.

Bildirilib ki, bu gün ən innovasiyalı və perspektivli istiqamətlərdən biri istifadəçilərə nəinki böyük şəhərlərdə, eləcə də regionlarda geniş imkanlar təqdim edən mobil texnologiyalardır. İnnovativ Azərbaycanın rəqəmsal ticarət qovşağı üçün açar olan “Asan İmza” əsasında “m-Residency”, “Asan İmza” ilə inteqrasiya olunmuş elektron xidmətlər, mobil identitetin istifadəsi ilə ən yeni maliyyə xidmətləri və ödəniş sistemləri kimi nailiyyətləri nümayiş etdirilib, NFC vasitəsilə “Asan İmza”nın eSIM-də, mobil cüzdanlarda, ödəmələrdə, əşyaların internetində və s. istifadəsinin yeni metodları işıqlandırılıb.

Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının direktoru və E-xidmətlərin rəhbəri Zaur Qardaşov, Azərbaycanda “Asan İmza” mobil elektron imza xidmətinin milli operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Yana Krimpe və başqaları məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, “ID/DIALOGUES: SMART Mobile Azerbaijan” konfransı müntəzəm keçiriləcək və 2014-cü ildə Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində başlanan “Azərbaycanda innovasiyalar və mobil identifikasiya: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” konfransının davamı hesab edilir. Konfrans Avropa İttifaqı və Vergilər Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, “Asan İmza” xidməti Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaradılmasına təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.