MƏDƏNİYYƏT
İlk dəfə elektrogitara xalq çalğı alətlərinin müşayiəti ilə təqdim olunacaq
Bakı, 26 aprel, AZƏRTAC
Mayın 20-də Şövkət Məmmədova adına Opera Studiyanın konsert salonunda tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin “Etno-simfo” orkestri ilə birgə “55-ci baharım” adlı solo konserti olacaq.
Konsertdə ilk dəfə olaraq elektrogitara aləti simli alətlərin və Azərbaycan xalq çalğı alətlərinin müşayiəti ilə təqdim ediləcək.
Bu barədə AZƏRTAC-a sənətkar özü məlumat verib. “Xalq və bəstəkar mahnılarının yeni versiyada səslənəcəyi konsertin təşkilatçısı və bədii rəhbəri gənc bəstəkar Tural Məmmədlidir. Konsertdə ifa olunacaq bütün musiqilər T.Məmmədli tərəfindən aranjeman olunub”, - deyə R. Məmmədli bildirib.
Bundan başqa, gələcək planlarından söz açan sənətkar söyləyib ki, iyunun 24-dən iyulun 8-dək ABŞ-ın Nyu-York, Texas və Hyuston ştatlarında üç konsert proqramı ilə çıxış edəcək.
Sözügedən konsert proqramında iranlı rəssam-xanəndə Vədud Moazzen, xanəndə Rafael Məmmədov və Rövşən Əziz tərəfindən parlaq ifalar təqdim ediləcək.