REGİONLAR
İlk dəfə səs verəcək gənclər seçki proseduru ilə bağlı maarifləndirilirlər
Oğuz, 26 noyabr, AZƏRTAC
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi “Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Oğuz rayonunda keçirib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbiri İctimai Birliyin sədri Qalib Nəbiyev açaraq seminar iştirakçılarını layihə barədə məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ilk dəfə səs verəcək gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, onların seçkilərdə fəal iştirakını təmin etmək, həmçinin vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır.
Seminar iştirakçılarına Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçki qanunvericiliyi, Seçki Məcəlləsi və bu sənədə edilən əlavə və dəyişikliklər, vətəndaşların seçki hüquqları, səsvermə qaydaları, seçki məntəqələrində səslərin hesablanması, protokolların tərtibatı və digər məsələlər barədə ətraflı məlumat verilib.
Seçki prosesinin tam mənimsənilməsi üçün daha sonra seminar interaktiv oyunlarla öz işini davam etdirib. İlk dəfə səs verəcək gənclər səsvermə prosesi, səslərin sayılması, müşahidəçilik, protokollaşdırma, “exit-poll” və sair seçki mərhələlərini göstərən “seçki imitasiyası” oyununda iştirak ediblər.
Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.