İQTİSADİYYAT


İlk dəfə vətəndaşlar elektron hərracda iştirak ediblər

Bakı, 5 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər. Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir.

Komitədən AZƏRTAC-a bildirilib Ki, gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanının icrası istiqamətində həyata keçirilir.

İlk elektron hərraca çıxarılan 2007-ci il buraxılış QAZ 3102 markalı avtomobil nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün əvvəlcədən onlayn olaraq bir neçə istifadəçi qeydiyyatdan keçib. “Elektron hərrac” xidməti vasitəsilə qeydiyyatdan keçən istifadəçilər hərrac keçirilən vaxt olduqları məkandan heç bir yerə ayrılmadan, sadəcə “e-emdk.gov.az” saytında müvafiq bölməyə daxil olmaqla hərracda iştirak ediblər. Hərracda start qiyməti 2000 manata təklif edilən QAZ 3102 nəqliyyat vasitəsi rəqabətli keçən elektron hərrac nəticəsində 4120 manata özəlləşdirilib. Nəqliyyat vasitəsinin rəqabətli hərracında ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilib. Elektron hərracda satılmış nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilib.

Qeyd edək ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək komitənin rəsmi saytında (e-emdk.gov) və ya “Elektron hökumət” portalında (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Belə ki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər.

ƏMDK tərəfindən fəaliyyət istiqamətləri üzrə tətbiq edilən innovasiyaların başlıca məqsədi vətəndaşlara və biznes subyektlərinə göstərilən ictimai xidmətlərdə şəffaflığın daha da artırılması, optimallığın və əlçatanlığın maksimum təmin edilməsi, vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla, xidmətlərdən istifadələrini və bununla da əhalinin məmnunluğunun təmin edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.