REGİONLAR


İlk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun 120 illik yubileyi qeyd edilib

Naxçıvan, 14 iyun, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun 120 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk tələbələrindən olan naxçıvanlı bəstəkar, musiqişünas, ictimai xadim Məmməd Nəsirbəyovun XX əsrin birinci yarısından başlayaraq Azərbaycan musiqi tarixinə layiqli töhfələr verdiyini bildirib.

Qeyd olunub ki, Məmməd Həsən oğlu Nəsirbəyov 1897-ci il iyunun 6-da qədim mədəniyyətə və tarixə malik Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verib. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivinə cəlb olunub. Məlahətli səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edib. 1914-cü ilin sonunda Nəsirbəyovlar ailəsi Bakıya köçüb. 1923-cü ildə Üzeyir bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd Nəsirbəyov 1927-ci ildə Bakı Musiqi Texnikumunda təhsilini davam etdirib. 1932-ci ildə Pyotr İliç Çaykovski adına Moskva Konservatoriyasında kompozisiya və polifoniyadan dərs alıb. Bir il sonra Bakıya qayıdıb və Bakı Konservatoriyasında təhsilini davam etdirib. 1940-cı ildə Bakı Konservatoriyasının Bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirib.

Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir. Bəstəkarın simfonik orkestr üçün yazdığı “Süita”, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün “Şənlik” süitası, “Naxçıvan” rəqs süitası, “Nizami” süitası, simli kvartet üçün “Süita”, solist, qarışıq xor və fortepiano üçün “Kantata”, müxtəlif şairlərimizin sözlərinə bəstələdiyi mahnı və romanslar, eləcə də fortepiano üçün “Fantaziya”, “Ekspromt”, “Qaytağı”, skripka üçün “Variasiyalar”, müxtəlif alətlər üçün bəstələdiyi əsərlər onun zəngin yaradıcılığından xəbər verir.

Vurğulanıb ki, Məmməd Nəsirbəyov ömrünü yeni nəsil musiqiçilərin yetişdirilməsinə həsr edib. O, Bakıda bir neçə uşaq musiqi məktəbinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olub, “Musiqi nəzəriyyəsi” fənnini tədris edib, “Musiqi təlimi” dərsliyini yazıb.

Nazir bildirib ki, ilk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun zəngin yaradıcılığı gələcəkdə daha dərindən araşdırılacaq və gənc nəsillərə zəngin mədəni irs kimi öyrədiləcək.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Əməkdar İncəsənət Xadimi Yaşar Xəlilov “Məmməd Nəsirbəyov – ilk naxçıvanlı bəstəkar” mövzusunda çıxışında deyib ki, bəstəkarın yaradıcılığı ilə tanış olduqda onun özünəməxsus lad, intonasiya, ritm xüsusiyyətlərini aydın duymaq olur. Məmməd Nəsirbəyovun musiqi əsərləri ilə bərabər, musiqi nəzəriyyəsi ilə bağlı dərslikləri həm də onun təcrübəli pedaqoq olduğunu göstərən cəhətlərdən biri kimi diqqəti cəlb edir.

Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov Məmməd Nəsirbəyov haqqında xatirələrindən danışıb. Qeyd edib ki, belə tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətə göstərilən diqqət və qayğının ifadəsidir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səsləndirilib.

Orkestr görkəmli bəstəkar Tofiq Bakıxanovun Məmməd Nəsirbəyovun xatirəsinə həsr olunmuş “Skripka və kamera orkestri üçün pyes”ini ifa edib.

Konsertdə Məmməd Nəsirbəyovun “Ey gül” romansı, “Mən neftçiyəm”, “Hardasan”, “Ana” mahnıları ifa olunub, skripka və fortepiano üçün yazdığı prelyüd və fantaziyalar səslənib. Konsert Məmməd Nəsirbəyovun “Naxçıvan” rəqs süitası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.