ELM VƏ TƏHSİL
İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinq keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov, nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ilk peşə-ixtisas təhsili sahəsində həyata keçiriləcək tədbirlərdən danışıblar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin reallaşdırılması nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilk peşə-ixtisas təhsili sisteminin mövcud idarəolunma strukturunun bazar iqtisadiyyatı prinsipləri ilə uzlaşmasını təmin etmək, maddi-texniki və tədris bazasını yeniləmək məqsədi daşıyır.
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Yeni peşə təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq, əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Təlim Fondu, “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək Peşə Təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq.
Eyni zamanda, qeyd olunub ki, peşə təhsil mərkəzlərində təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işləniləcək.
Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidənhazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlyetərliliyi təmin olunacaq.
Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.