ELM VƏ TƏHSİL
İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb
Bakı, 27 avqust, AZƏRTAC
“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi avqustun 11-dən 26-dək pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.
“ASAN peşə” layihəsi üzrə 4 min 66 nəfər müraciət edib. Onlardan 3 min 245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri avqustun 27-dən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: təhsil haqqında sənədin əsli; tibbi arayış; şəxsiyyət vəsiqəsi (surəti); 3x4 sm. ölçüdə dörd ədəd fotoşəkil; hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər).
Boş qalan yerlərə əlavə ixtisas seçimi sentyabrın 1-dən 6-dək Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı Təhsil Nazirliyinin internet saytında yerləşdirilib.