CƏMİYYƏT


İlk peşə-ixtisas təhsili üzrə yeni layihənin icrasına başlanılıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də 5 nömrəli Bakı Peşə Liseyində turizm-xidmət sahəsi üzrə yeni layihənin icrasına başlanılması ilə bağlı təqdimat mərasimi keçirilib.

Layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” təşkilatı və Bakı şəhərindəki bir neçə beş ulduzlu mehmanxana ilə birgə reallaşdırılır.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, “British Council”un ölkə üzrə direktoru Elizabet Vayt, “Absheron Hotel Group”un icraçı direktoru Mark Ehler və layihənin tərəfdaş şirkətlərinin nümayəndələri iştirak ediblər.

Dövlət-biznes tərəfdaşlığına əsaslanan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi müəllimlərin potensialının artırılması, üç ixtisas (aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi) üzrə milli peşə standartları, kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və şagirdlər üçün iş yerində təcrübə proqramının həyata keçirilməsidir.

Ötən tədris ilində həyata keçirilən layihə çərçivəsində Bakıda işəgötürənlər ilk peşə-ixtisas təhsili müəssisələrində əmək bazarındakı ehtiyacların öyrənilməsinə, şagirdlərin müsabiqədən keçirilməsinə və tədris proqramlarının hazırlanmasına cəlb olunublar. Bu layihə çərçivəsində 12 müəllim və 45 şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı keçirilib, müvafiq materiallar hazırlanıb. Proqram həyata keçirilərkən Birləşmiş Krallığın ”People 1st" təşkilatı tərəfindən peşə təlimində iş yerində təcrübəyə əsaslanan üç ixtisas (aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi) üzrə kurikulumlar hazırlanıb.

Cari tədris ilindən layihəyə uyğun olaraq təhsil müddəti bir il olan qruplarda həmin ixtisaslar üzrə kadr hazırlığına başlanılır və gələcəkdə həmin modelin digər müəssisələrdə də tətbiqi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.