MƏDƏNİYYƏT
İlqar Fəhminin dörd kitabı işıq üzü görüb
Bakı, 25 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Xan” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhminin 4 kitabı işıq üzü görüb.
İ.Fəhmi AZƏRTAC-a bildirib ki, “Bu gündən dünənə” adlı kitabında əsasən gənclik dövründən bu günə qədər müxtəlif vəznlərdə yazdığı şeirlərindən seçmələr toplanıb. Şeirlərin xronoloji düzülüşü əks qaydada təqdim edilib. Kitabın əvvəlində son illər yazılmış şeirlər, sonunda isə köhnə şeirlər yer alıb.
Onun sözlərinə görə “Nostalji” adlı ikinci kitabına müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilib. “Sən kimsən, Səfəvi?” adlı kitabında isə indiyədək yazdığı və ölkə mətbuatında dərc olunan bədii-publisistik yazıları işıq üzü görüb. “Son reportaj” adlı kitabında isə müəllifin müxtəlif illərdə yazdığı dram əsərləri toplanıb. Kitabdakı pyeslərin hər biri müxtəlif dram üslublarında qələmə alınıb.
Qeyd edək ki, yaxın aylarda yazıçının daha 10 kitabı nəşr ediləcək.