CƏMİYYƏT
İməcilik zamanı 500, “Məktəb bağları” layihəsi çərçivəsində 1000 ağac əkilib
Bakı, 29 aprel, AZƏRTAC
Xətai rayonunda ekoloji tarazlığın qorunmasına, yaşıllıqlar salınmasına və onların qorunmasına böyük diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində müxtəlif ərazilərdə ümumrayon iməciliyi keçirilib.
2 min nəfərin iştirak etdiyi iməcilikdə rayonun G.Şıxlinski küçəsi, İ.İsmayılov, X.Məmmədov, R.Quliyev, S.Ə.Şirvani küçələrində, Zığ yolu, ayrı-ayrı idarə və müəssisələrin həyətində 500-dən artıq şam və zeytun ağacları əkilib. Aksiya zamanı yeni əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Sakinlərin ümumi narazılığını və ətrafdakı antisanitar vəziyyəti nəzərə alaraq bir sıra ünvanlarda qeyri-qanuni zəbt edilən ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb. İcazəsiz quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, ətrafa yığılmış avadanlıq və məişət tullantıları təmizlənib. Qurumuş ağac budaqları, metal qırıntısı və digər lazımsız əşyaların ərazidən daşınıb, qoca ağacların budanması işləri həyata keçirilib.
“Məktəb bağları” layihəsinə dəstək məqsədilə Xətai rayonunda görülən işlər davam etdirilir. Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahələrində ümumilikdə 1000-dən çox meyvə ağacları əkilib.