REGİONLAR
“İmişli Kərpic” SC-nin səhmlərinin 30 faizdən çoxunun satışı üzrə investisiya müsabiqəsi elan edilib
SC-nin 65,266 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramına kərpic və ya digər sənaye məhsullarının istehsalı, zəruri avadanlığın alınması və quraşdırılması, bu məqsədlər üçün sərmayənin həcmi və müddətinə dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 45 min manat köçürməlidir. Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayələrin həcminin 5 faizini 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər oktyabrın 22-dək qədər qəbul ediləcək və oktyabrın 24-də qiymətləndiriləcək.