REGİONLAR
İmişli Rayon Məhkəməsi üçün tikilən binanın inşası yekunlaşmaq üzrədir
İmişli, 30 avqust, Mahir Babayev, AZƏRTAC
İmişlidə Ədliyyə Nazirliyinin sifarişi ilə rayon məhkəməsi üçün tikilən inzibati binada inşaat işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, şəhərin Abbasqulu bəy Şadlinski küçəsində tikilən binanın inşasına 2014-cü ilin sonlarında başlanılıb. Bina ikimərtəbəlidir. Burada işçilərin səmərəli fəaliyyəti üçün bütün şərait yaradılır. Binada sədr, hakim və vəkillər üçün otaqlar, qəbul otağı, arxiv, saxlama kamerası, müxtəlif tədbirlər və məhkəmə proseslərinin keçirilməsi üçün zallar var. Binada isitmə, soyutma və havalandırma sistemi qurulub, ayrıca qaz və su xətləri çəkilib. Məhkəmə binası bütün zəruri avadanlıqla təchiz olunub. Inzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Bir sözlə, vətəndaşlara nümunəvi xidmət göstərmək üçün binada hər cür şərait yaradılır.
Milli memarlıq ənənələrinə uyğun tərzdə tikilən bina yaxın günlərdə istifadəyə veriləcək.