REGİONLAR
İmişli: gələn il 10 min hektar sahədə pambıq əkilməsi planlaşdırılır
İmişli, 14 oktyabr, Mahir Babayev, AZƏRTAC
İmişli Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, ötən doqquz ayda iqtisadiyyatın əsas sahələri üzrə 399 milyon 506 min manatlıq məhsul istehsal edilib. Bunun 60,7 faizi sənayenin, 21,4 faizi kənd təsərrüfatının, 5,2 faizi tikintinin, qalanı isə ticarət, rabitə və nəqliyyat xidmətlərinin payına düşüb.
Hesabat dövründə rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, küçələr abadlaşdırılıb, park və xiyabanlarda əsaslı təmir işləri görülüb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin inzibati binasının inşası başa çatıb, kənd təsərrüfatı ərazi idarəsinin inzibati binasının və bir neçə hektar ərazini əhatə edən ticarət obyektlərinin tikintisi davam etdirilib.
Diqqətə çatdırılıb ki, ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmirinə 36 saylı yol istismarı idarəsi tərəfindən 601,2 min manat xərclənib, İmişli dolama yoluna 8 kilometr asfalt-beton qoyulub, şəhərə giriş yolunda 700 metr sahədə əsaslı təmir işləri aparılıb. Əhalinin təbii qaza tələbatının ödənilməsi məqsədilə indiyədək 16 min 292 abonentə “mavi yanacaq” verilib. Hazırda isə rayonun 9 kəndində qazlaşma işləri davam etdirilir.
Yığıncaqda qeyd edilib ki, ötən 9 ayda rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı da nəzərə çarpacaq qədər çoxalıb.
Vurğulanıb ki, rayonda 17 min hektar taxıl sahəsindən 55 min 462 ton taxıl götürülüb. Bunun da 18 min 674 tonu arpa, 36 min 788 tonu isə buğdadır. İndiyədək sahələrdən 934,2 ton tərəvəz, 4,061 ton bostan və 9,855 ton meyvə və giləmeyvə toplanıb. 6 min hektar torpaq sahəsi əlavə dövriyyəyə qaytarılıb, 10 min 572 hektar sahənin təyinatının dəyişdirilməsi məqsədilə tədbirlər görülüb, 10 hektar sahədə istixana kompleksinin yaradılmasına başlanılıb.
Hesabat yığıncağında pambıqçılığın perspektivləri də geniş müzakirə olunub, bu ənənəvi sahənin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi yolları göstərilib. Məlumat verilib ki, bu il rayonda 1051 hektar sahədə pambıq əkilib, 2017-ci ildə isə pambıq sahələrinin 10 min hektara çatdırılması planlaşdırılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı üzrə həyata keçirilən tədbirlərdən də danışılıb.
Çıxış edənlər rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulayıblar.