CƏMİYYƏT
İmişli regional ədliyyə şöbəsi Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar keçirib
Bakı, 15 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə avqustun 15-də Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
Seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı Ədliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə olunmuş və məsuliyyəti artıran yeni normaların tətbiqi, ”Vətəndaşların müraciətləri haqqında” Qanunda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili; (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”), bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.