REGİONLAR


İmişli və ətraf rayonlardan olan sahibkarlara 780 min manat güzəştli kredit verilib

A+ A

İmişli, 8 sentyabr, Mahir Babayev, AZƏRTAC 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

AZƏRTAC xəbər verir ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 8-də İmişli rayonunun Cəfərli kəndində keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda qeyd olunub ki, 2016-cı ilin ötən dövründə 1700-dən çox sahibkara 100,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 493 milyon manat güzəştli kredit verilib.

Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İmişli rayonunda güzəştli kreditlər hesabına yaradılmış iri fermer təsərrüfatında pambıq yığımına hazırlıq işlərinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək respublika üzrə pambıqçılıqla bağlı layihələrin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 60 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövründə 2,5 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.