REGİONLAR
İmişlidə 326 ton yun istehsal olunub
İmişli, 14 iyul, Mahir Babayev, AZƏRTAC
İmişlidə qoyunçuluq əsas təsərrüfat sahələrindən biridir. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi rayonda onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürür.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında 256 min 721 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3059 baş çoxdur. Artıq rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı yekunlaşıb. Fermerlər bəslədikləri qoyunlardan, ümumilikdə, 326 tona yaxın yun qırxıblar. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülüb.
Qoyunçuluq təsərrüfatları arasında ən yüksək nəticəni fermer Daşqın Kazımov göstərib. Uzun illərdir təsərrüfatın bu sahəsi ilə məşğul olan fermer hər qoyundan 2,2 kiloqram yun, hər 100 baş ana qoyundan isə 125 baş bala əldə edib.