REGİONLAR
İmişlidə dini radikalizmlə mübarizədə dini icmaların rolundan danışılıb
Imişli, 16 noyabr, Mahir Babayev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dini icma rəhbərləri, dindarlar, təhsil və mədəniyyət işçiləri, gənclər, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Fitnə” qısa metrajlı filminin nümayişi ilə başlanan seminar-müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbiri açaraq İmişlidə dini durumun sabit olduğunu, ənənəvi dini dəyərlərinin daşıyıcılarının dinc-yanaşı yaşadığını, qaynayıb-qarışdığını, bir-birinin dininə və adət-ənənələrinə daim sayğı ilə yanaşdığını bildirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və islami dəyərlərin qorunması, təbliği sahəsində həyata keçirilən tədbirlərdən, dini radikalizmlə mübarizədə dini icmaların rolundan danışıb.
Qeyd olunub ki, dünyada dini radikalizm meyillərinin güclənərək bəşəriyyət üçün ciddi təhlükəyə çevrildiyi bir vaxtda Azərbaycanda xalqlar və etnoslar qarşılıqlı hörmət, əmin-amalıq şəraitində yaşayır, bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə hörmətlə yanaşırlar. Tolerantlıq və multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib.
Tədbirdə dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb, həmçinin müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.
Açıq dialoq şəklində keçən seminar-müşavirədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.