REGİONLAR
İmişlidə əhali fasiləsiz elektrik enerjisi və “mavi yanacaq”la təmin olunur
İmişli, 5 dekabr, Mahir Babayev, AZƏRTAC
Regionların sosial inkişafına dair dövlət proqramına uyğun olaraq, İmişlidə əhalinin keyfiyyətli və fasiləsiz “mavi yanacaq” və elektrik enerjisi ilə təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, rayonda elektrik enerjisi və qazdan istifadə edən abonentlərin sayı, ümumilikdə 47 min 297 nəfərə çatıb.
Hazırda rayonun 49 yaşayış məntəqəsinin 28-i tam qazlaşdırılıb. Rayonun Qaradonlu, Məzrəli, Xubyarlı, Çaxırlı, Gövhərli və Çahar kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam edir və ilin sonunadək bu yaşayış məntəqələri də təbii qazla təmin olunacaq.
Əhaliyə göstərilən enerji xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə rayonun Qaralar, Cavadxanlı, Bəcirəvan, Ölcələr kəndlərinə SİB üsulu ilə kabel çəkilişi başa çatdırılıb. Yalavac, Rəsullu, Məhəmmədli, Göbəktala, Şahverdili və Qızılkənd kəndlərində də SİP üsulu ilə kabellərin çəkilişi davam etdirilir. Bütövlükdə, bu il ayrı-ayrı yaşayış məntəqəsinə 40 kilometr SİP üsulu ilə kabel çəkilib, 2500-ə qədər yeni sayğaclar quraşdırılıb. Hazırda rayonun 11 kəndində bu işlər yekunlaşmaq üzrədir.
Mərkəzi Aran Regional Enerji Təchizatı Aran regional elektrik təchizatı və Satışı İdarəsi İmişli Elektrik Şəbəkəsinin baş mühəndisi Tofiq Ocaqov AZƏRTAC-a bildirib ki, əhalini dayanıqlı enerji ilə tam təmin etmək üçün 26 kilometr yararsız xətt yenisi ilə əvəz olunub. 650 ədəd 10 kilovatlıq ağac dayaqlar yeni dəmir-beton dayaqla əvəz olunub. Bütövlükdə, rayonun müxtəlif kəndlərində 61 ədəd müasir tipli transformatorlar quraşdırılıb ki, bu da əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına imkan yaradacaq.