REGİONLAR


İmişlidə ilk dəfə olaraq 40 hektar sahədə tütün əkilib

İmişli, 9 avqust, Mahir Babayev, AZƏRTAC

İmişli Rayon İcra Hakimiyyətində ümumrayon yığıncağı keçirilib. Yığıncaqda avqustun 4-də Qax şəhərində keçirilən barama, tütün və fındıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, fermerlərin, kənd təsərrüfatı üzrə mütəxəssislərin, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev respublika müşavirəsində irəli sürülən həllivacib məsələlər və verilmiş tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, aqrar sektorun inkişafı, xüsusilə fındıq, tütün və barama kimi strateji məhsulların istehsalının artırılması ölkədə prioritet məsələ hesab olunur. “Bununla bağlı dövlətin qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da uğurla icra edilir”, - deyən icra başçısı qeyd edib ki, cari ildə rayonda 8 tondan çox barama istehsal olunub. Bu da ötən ildəkindən iki dəfə çox olmasına baxmayaraq, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyulan hədəfə nail olunmayıb. Qarşıdakı illərdə rayonda barama istehsalını 15 tona çatdırılması üçün indidən ciddi hazırlıq işləri görülür. Bu məqsədlə ötən il rayonun müxtəlif kəndlərində əkilən 37 min tut tinginə aqrotexniki qulluq göstərilir, mövcud tut ağacları budanır və digər zəruri tədbirlər görülür.

Rayonda fındıq və tütünçülüyün inkişafı məsələlərindən danışan V.Hacıyev təcrübə üçün Beyləqan və İmişli rayonları arasındakı ərazidə fındıq bağlarının salınmasını tövsiyə edib və bunun üçün rayonun iqlim şəraitinə uyğun sortların müəyyənləşdirilməsi tapşırığı verib.

Diqqətə çatdırılıb ki, bu il rayonun Qaraqaşlı kəndi ərazisində ilk dəfə olaraq 40 hektar sahədə tütün bitkisi əkilib və bol məhsul yetişdirilib. Qaraqaşlı fermerlərinin təcrübəsi göstərir ki, rayonda bu gəlirli sahənin əkinini genişləndirməklə yaxşı nəticə əldə etmək olar. İmişlidə bu sahəni inkişaf etdirmək məqsədilə tütün qurutma məntəqələri quraşdırmağın, əkin sahəsini genişləndirmək üçün yeni torpaq sahələrinin ayrılmasının zəruriliyi bildirilib.

Yığıncaqda çıxış edənlər müzakirə olunan məsələlər üzrə fikir və təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.