REGİONLAR
İmişlidə keçirilən kompleks mülki müdafiə təlimləri başa çatıb
İmişli, 24 fevral, Mahir Babayev, AZƏRTAC
İmişlidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” ilə bağlı fevralın 20-dən 24-dək keçirilən təlimlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, kompleks təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Kompleks təlimə rayonun hərbiləşdirilməmiş dəstələrinin 200 nəfər şəxsi heyəti və 35 texnikası cəlb edilib.
Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulan məqsədə nail olunub.