REGİONLAR
İmişlidə məhsul bayramı keçirilib
İmişli, 28 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 28-də İmişlidə məhsul bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Məhsul bayramı rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərginin nümayişi ilə başlayıb.
Bayram mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda məhsul istehsalının ildən-ilə artdığını bildirib. Qeyd olunub ki, bu il rayonda 55 min 462 ton taxıl istehsal edilib, 5 min 51 hektar sahədə pambıq, 533 hektar bostan-tərəvəz bitkiləri və 215 hektar sahədə isə şəkər çuğunduru əkilib. Məhsul bolluğunun emal sənayesinin də inkişafına şərait yaratdığı, artıq İmişlinin həm də sənaye rayonlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, son illər rayonda “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur-yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndik kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq quşçuluq” MMC, “İmişli Broyler” və “Araz” Konservləşdirilmiş şirələr və konyak zavodu istifadəyə verilib.
V.Hacıyev son illər rayonda aparılan abadlıq-quruculuq işləri, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən layihələr barədə də mərasim iştirakçılarına məlumat verib.
Məhsul bayramı konsert proqramı ilə yekunlaşıb.
Mərasim başa çatdıqdan sonra rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı Çingiz Qənizadə, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və digər qonaqlar şəkər zavoduna gələrək, burada çuğundurun yuyulma və istehsal prosesləri ilə tanış olublar.