REGİONLAR
İmişlinin Əliqulular kəndində yeni heyvandarlıq kompleksi yaradılıb
İmişli, 15 avqust, Mahir Babayev, AZƏRTAC
İmişlinin Əliqulular kəndindəki heyvandarlıq kompleksində gələcəkdə ət və süd məhsulları da istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, fermaya ilkin olaraq Avstriyadan ət və südlük istiqamətlik 120 baş cins düyə gətirilib. Kompleksdə heyvanların baş sayının gələcəkdə 1000 başa çatdırılması nəzərdə tutulub.
Ən müasir tələblərə cavab verən kompleks metal konstruksiyalardan hazırlanıb. Burada işlərin hamısı demək olar ki, avtomatlaşdırılıb. Heyvanların yemlənməsi və sulanması, peyinin daşınması, sağım prosesi, yemin hazırlanıb paylanması mexanizmlərin köməyi ilə həyata keçirilir. Quraşdırılmış yem sexi vasitəsilə istənilən növdə yem hazırlamaq mümkündür. Hazırlanan yem isə transpartiyorlar vasitəsilə heyvanlara bərabər şəkildə paylanılır. Fermada havalandırma sistemi də quraşdırılıb ki, bu sistem vasitəsilə ilin bütün fəsillərində burada normal temperatur saxlanılır.
Kompleksin baytar həkimi Zəfər Məhərrəmov AZƏRTAC-a bildirib ki, kompleks 3-4 aydır fəaliyyətə başlayıb. Buradakı heyvanlar qırmızı semental cinslidir. Çox məhsuldar heyvanlardır. Qısa vaxt ərzində yerli şəraitə uyğunlaşır. İlk doğuşda 18-20 litr, sonrakı doğuşlarda isə 30-35 litr süd verir.
Z.Məhərrəmovun sözlərinə görə, gələcəkdə kompleksdə ət və süd məhsulları da istehsal etmək planlaşdırılıb. Bunun üçün yeni emal sexləri inşa edilir. Artıq binalarda tikinti işləri başa çatmaq üzrədir. Burada yağ, pendir və digər süd və ət məhsulları istehsal etmək üçün ən müasir avadanlıqlar quraşdırılacaq.
Hazırda kompleksdə mal-qara üçün möhkəm yem bazası yaratmaq imkanları araşdırılır, torpaq sahələri müəyyənləşdirilir. Bu işlər qaydaya salındıqdan sonra fermada heyvanların sayı 1000 başa çatdırılacaq.