REGİONLAR
İmişlinin Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
İmişli, 1 iyul, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 22-si qazlaşdırılıb. Qazlaşdırılan kənd və qəsəbələrin sırasına 1638 nəfər əhalinin yaşadığı Qaraqaşlı kəndi də əlavə olunub.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi məqsədilə ümumi uzunluğu 30408 metr olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qaraqaşlı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, hazırda 13 kənddə qazlaşdırma işlər davam etdirilir. Yaxın günlərdə digər yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin ediləcək.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.