REGİONLAR
İmişlinin Xubyarlı kəndinə ilk dəfə təbii qaz verilib
İmişli, 16 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Xubyarlı kəndi də əlavə olunub. 2030 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem üzrə ümumi uzunluğu 2 min 300 metr polietilen və 12 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, evlərə 230 məişət sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Xubyarlı kəndi də daxil olmaqla, hazırda rayonun 35 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə olunur.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.