REGİONLAR
İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
İmişli, 15 noyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər uğurla aparılır. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Bəcirəvan və Ağcüyür kəndləri də əlavə olunub. Ümumilikdə 526 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem üzrə 3 min 950 metr müxtəlif diametrli polietilen və 45 min 55 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bəcirəvan kəndində mənzillərə ümumilikdə 483, Ağcüyür kəndində isə 43 sayğac qoyulub və bir o qədərdə fərdi tənzimləyici quraşdırılıb.
Kəndlərə təbii qazın verilməsi münasibətilə Bəcirəvan kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib.
Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 9 yaşayış məntəqəsi qazlaşdırılıb. Bəcirəvan və Ağcüyür kəndləri də daxil olmaqla, hazırda rayonun 28 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə edilir. Daha 8 kənddə isə bu istiqamətdə işlər aparılır. Yaxın günlərdə bu kəndlərə də təbii qazın verilməsi təmin ediləcək.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.