REGİONLAR


İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

İmişli, 17 mart, Mahir Babayev, AZƏRTAC

İmişli rayonunun 49 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Qaravəlli və Mirili kəndləri də əlavə olunub. Ümumilikdə 372 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 4 min 835 metr polietilen və 37 min 254 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə Qaravəlli kəndində 173, Mirili kəndində isə 199 məişət sayğacı qoyulub və fərdi tənzimləyici quraşdırılıb.

Kəndlərə təbii qazın verilməsi münasibətilə Mirili kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib.

Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Qaravəlli və Mirili kəndləri də daxil olmaqla, hazırda rayonun 36 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə olunur və daha bir kənddə bu istiqamətdə işlər davam etdirilir.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.