CƏMİYYƏT
İmperator pinqvinlərinin nəsli kəsilə bilər
Bakı, 13 iyun, AZƏRTAC
Antarktida buzlaqlarının 2100-cü ilə qədər əriməsi barədə xəbərdarlıqlar həqiqətdirsə, biz imperator pinqvinlərini həmişəlik itirə bilərik.
AZƏRTAC “ecoportal” saytına istinadla xəbər verir ki, Antarktida buzlaqlarının əriməsi imperator pinqvinlərini çoxalma və qidalanma məkanlarından məhrum edərək, onların mövcudluğunu təhlükə altına qoya bilər.
Yeni proqnoz göstərir ki, əsrin sonuna doğru, yəni cəmi üç nəsil sonra imperator pinqvinlərinin populyasiyası 99 faiz azala bilər. ABŞ-ın Okeanoqrafiya İnstitutunun mütəxəssisi, bioloq Stefani Jenuvriyer hesab edir ki, imperator pinqvinləri nəsli kəsilməkdə olan növlər haqqında Qanunun himayəsi ilə qorunmalıdır.
İmperator pinqvinləri ilə dəniz buzlağı arasında əlaqə çox kövrəkdir. Dəniz buzlağı azalarsa, quşlar çoxalma və ov yerlərindən məhrum olacaq. Buzun həcminin həddindən çox olması yaşlı fərdləri sürəkli ov axtarmağa vadar edəcək, quş balaları da lazımi qədər qida ilə təmin olunmayacaq.
Alimlər pinqvinlərin optimal buzlaq şəraiti olan yerlərə miqrasiya etmək bacarığını öyrəniblər. Onlar pinqvinlərin davranışını, məskunlaşmanın məsafəsini və dəniz buzlağının həcmini nəzərə alaraq, bu quşların 54 populyasiyasının məskunlaşma modellərini yaradıblar.
Modelləşdirməyə görə, populyasiyalar 2036-cı ilə qədər öz sayını qoruyub saxlayacaq. Sonra pinqvinləri on il sürən “ekoloji qurtuluş” dövrü gözləyir. Amma pinqvinlər necə məskunlaşırsa-məskunlaşsın, 2046-cı ildən başlayaraq populyasiyalar yenə də azalmağa başlayacaq. Bütün miqrasiya ssenariləri göstərir ki, 2100-cü ilə qədər pinqvinlərin sayı 40-99 faiz azalacaq.