REGİONLAR
İmran Cümşüdov: İl ərzində çörək və çörək məhsullarına 2035,1 min ton buğda sərf olunub
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində taxılçılıq kənd təsərrüfatının ən önəmli sahəsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilində 997,5 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul yığılıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılığın mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq, bu sahənin inkişafı ilə bağlı kompleks yanaşmanın, statistikanın, təhlilin vacibliyini vurğulayıb. “Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. İri taxılçılıq təsərrüfatları yaradılır, həmin təsərrüfatlarda müasir mütərəqqi texnologiyalar tətbiq edilir və hər hektardan 50-60 sentner məhsul götürülür. Su anbarlarının, sututarların tikintisi ilə bağlı yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir və əkin sahələri genişləndirilir”.
İ.Cümşüdov qeyd edib ki, ötən il 590 min hektar sahədə payızlıq və yazlıq buğda əkini həyata keçirilib, hər hektardan 31,3 sentner olmaqla, 1851 min ton məhsul istehsal edilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak normasına əsasən adambaşına buğdaya illik tələbat 180 kiloqram, ölkə əhalisinin sayı nəzərə alınmaqla isə cəmi tələbat təqribən 1 800 min tondur. İstehsal edilən buğdanın 3 faizi təbii itkiyə gedir, 350-400 min tonu yem, 140 min tonu növbəti ilin məhsulu üçün toxum, qalan hissəsi isə emal edilərək və ya emal edilmədən ərzaq məqsədilə istifadə olunur. Minimum istehlak səbətinə görə ərzaqlıq buğdaya illik tələbat 1800 min ton müəyyən olunsa da, 2016-cı ildə buğda ehtiyatları və istifadələri balansına əsasən il ərzində çörək və çörək məhsullarına sərf olunmuş buğdanın faktiki həcmi 2035,1 min ton təşkil etmişdir. Buna görə də 2016-cı ildə təxminən 1 milyon ton ərzaq buğdası idxal olunub.
Nazirliyin rəsmisi cari təsərrüfat ili üçün məhsul istehsalının artırılmasının proqnozlaşdırıldığını deyib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin məhsulu üçün 950 min hektar sahədə dən üçün, o cümlədən 623,5 min hektarda payızlıq buğda və 326,3 min hektarda payızlıq arpa səpilib. Ötən illə müqayisədə taxıl səpini 2,4 faiz, o cümlədən buğda səpini 6,9 faiz artıb, arpa səpini isə 5,3 faiz azalıb. Çalışırıq ki, taxılçılarımız müasir və ənənəvi texnologiyalardan paralel istifadə edib daha çox məhsul götürsünlər. Bu, məhsuldarlığın yüksəlməsinə, onun maya dəyərinin azalmasına və keyfiyyətinin daha da yaxşılaşmasına təsir göstərəcək”.
Bitkiçilik şöbəsinin müdiri qeyd edib ki, yerli buğdanı digər ölkələrdən idxal olunan buğda ilə qarışdırıb daha keyfiyyətli çörək istehsal etmək olar. Bu istiqamətdə elmi-tədqiqat institutları emal müəssisələrinə müəyyən tövsiyələr də verir.
“Görülən və görüləcək kompleks tədbirlər belə deməyə əsas verir ki, yaxın gələcəkdə yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşacaq”, - deyə İ.Cümşüdov bildirib.