ELM VƏ TƏHSİL
İmran Muxtarov: Azərbaycanda Paris Sorbonna-Əbu-Dabi Universitetində təhsil almağa maraq artır
Bakı, 17 dekabr, Ayişə Axundova, AZƏRTAC
Xəbər verdiyimiz kimi, dekabrın 17-də Bakıdakı Fransa İnstitutunda orta məktəblərin direktorları üçün İntensiv tədris proqramına müvafiq keçirilən silsilə seminarların açılışı olub. Bu proqram Paris Sorbonna-Əbu-Dabi Universitetinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhər Təhsil İdarəsi tərəfindən həyata keçirilir.
Tədbirdə iştirak edən Paris Sorbonna Əbu-Dabi Universitetinin MDB ölkələri üzrə müşaviri İmran Muxtarov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Məşhur Sorbonna Universitetinin Fransada üç kampusu var. Sorbonnanın dördüncü kampusu isə 2006-cı il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində açılıb. Bu layihə özündə iki mədəniyyəti – Qərb və Şərq mədəniyyətlərini birləşdirdiyinə görə maraq doğurur. Bu isə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Tədrisin ingilis və fransız dillərində aparıldığı Əbu-Dabi Universitetində indiyə qədər Azərbaycandan üç tələbə təhsil alıb. Lakin son illər orada təhsil almaq istəyən həmvətənlərimizin sayı artmağa başlayıb. Abituriyentlər müsabiqə yolu ilə seçilir. Bundan əlavə, geniş çeşiddə təqaüd proqramları var. Tədris, əsasən, mühəndislik, kosmos, proqramlaşma, nəqliyyat, tikinti, arxitektura, turizm ixtisasları və müasir dövrümüzdə aktual olan digər peşələr üzrə aparılır.