REGİONLAR
İmre Laslotski: Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq edə bilərik
Naxçıvan, 18 may, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasına səfərimin çox məhsuldar keçdiyini düşünürəm. Muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Hesab edirəm ki, Macarıstan ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirə bilərik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski deyib.
Diplomat Naxçıvan Muxtar Respublikasına səfər təəssüratları barədə danışaraq deyib: “Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq məndə xoş təəssürat yaratdı. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Bu mənada, mən naxçıvanlılara həsəd aparıram”.
İmre Laslotski qeyd edib ki, bu gün Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. O, Macarıstan ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün çalışacağını bildirib.