REGİONLAR
İmtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilir VİDEO
Ağcabədi, 11 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ağcabədi regional bölməsi tərəfindən builki imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilir.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-a bildirib ki, fevralın 1-dən başlayaraq keçirilən məşğələlər artıq Ağdam, Tərtər, Bərdə, Zərdab, Füzuli və Beyləqan rayonunda yekunlaşıb. Seminarlarda zal nəzarətçisinin hüquq və vəzifələri, davranış qaydaları, imtahan prosesi, abituriyentlərlə işin təşkili və digər məsələlər barədə məlumat verilib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla aparılıb. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunub. Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, zal nəzarətçiləri üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Ağcabədi rayonunda 273 nəfər nəzarətçi-müəllimin iştirak etdiyi seminar-məşğələlər fevralın 12-dək davam edəcək.