CƏMİYYƏT
İnam Kərimov: “ASAN Viza” layihəsi Fransada böyük maraqla qarşılandı
Paris, 27 yanvar, AZƏRTAC
Azərbaycan brendi “ASAN xidmət”in Fransada təqdimatı böyük marağa səbəb oldu. Azərbaycanın əldə etdiyi bu nailiyyətin Fransada tətbiqi perspektivləri müzakirə edildi və bildirildi ki, artıq Azərbaycanın bu modeli Avropa ölkələri üçün də nümunə ola bilər.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov qeyd edib ki, təqdimatın keçirildiyi konfransda “ASAN xidmət”in Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu vurğulandı. Təkcə “ASAN xidmət”lə deyil, bütün dövlət orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilən islahatların əhəmiyyəti diqqətə çatdırıldı.
Konfransda, həmçinin Azərbaycanda genişmiqyaslı elektronlaşdırma siyasətinin reallaşdırılması, dövlət xidmətlərinin elektron xidmətlərlə əvəzlənməsi və bu sahədə ölkəmizin beynəlxalq qiymətləndirmələrdə layiq görüldüyü yüksək yer barədə məlumat verildi. Bu sahədə Fransa dövlət orqanları ilə əməkdaşlığın perspektivləri müzakirə olundu. Bu istiqamətdə Azərbaycanın təcrübəsinin Avropa ölkələrində, Avropa ölkələrinin müxtəlif sahələrdə təcrübəsinin isə ölkəmizdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlət Agentliyinin sədri bildirib ki, birgə əməkdaşlıq çərçivəsində iki ölkə arasında “ASAN xidmət” təcrübəsinin üçüncü ölkələrdə tətbiqi də maraq doğurdu. Gələcəkdə bu istiqamətdə qarşılıqlı anlaşma çərçivəsində həmin məsələlərin həllinin diqqət mərkəzində olacağı vurğulandı.
İ.Kərimov vurğulayıb ki, “ASAN xidmət”in son “ASAN Viza” layihəsi Fransada böyük maraqla qarşılandı. Bildirildi ki, artıq fransalılar üç addımla üç gün ərzində “ASAN xidmət”in internet saytı vasitəsilə müraciət edib viza ala və asanlıqla ölkəmizə səyahət edə biləcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris