SİYASƏT


İnara Murnietse: Latviya Azərbaycanın Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığını dəstəkləyir

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Latviya Azərbaycanın Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığını dəstəkləyir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri İnara Murnietse oktyabrın 3-də nazir Elmar Məmmədyarov ilə keçirilən görüşdə deyib.

Söhbət zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə toxunulub. Xanım İnara Murnietse Latviya parlamentində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin çox fəal olduqlarını qeyd edib. O, Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edib, nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar barədə ətraflı məlumat verib, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.

Latviya Seyminin sədri ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.

Nazir Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair Bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlığa, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.