İDMAN
İncəsənət və şahmat festivalinin iştirakçıları mükafatlandırılıb VİDEO
Bakı, 30 avqust, Samirə Allahverdiyeva, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi incəsənət və şahmat festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyayıb, onların üzərində maraqlı rəsmlər çəkib. Öz istedadlarına gücənərək kreativlik və şahmat ab-havası yaradan rəssamlar fiqurlarının incəsənət nümunəsinə çevrilməsinə nail olublar. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, milli ornamentlər əksini tapıb.
Sonra Olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər incəsənət və şahmat festivalının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan rəssamları kreativ əsərləri ilə 42-ci Ümumdünya Şahmat Olimpiadasında mədəniyyətimizin təbliği işinə layiqli töhfə verəcəklər.
Müəlliflərin hər biri ziyarətçilərə və media nümayəndələrinə əsərləri barədə ətraflı məlumat veriblər.
Festivalda iştirak edən 23 rəssama Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin sertifikatları təqdim olunub.
Sərgi Bakı Şahmat Olimpiadasının keçirildiyi günlərdə ziyarətçilər üçün açıq olacaq.