SİYASƏT
“Independent” qəzeti Azərbaycan XİN rəsmisinin məqaləsini dərc edib
Məqalə bir neçə gün əvvəl “Independent”də Azərbaycanla bağlı dərc olunmuş qərəzli yazıya cavabdır
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Independent” qəzetində məqaləsi dərc olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, H.Hacıyevin məqaləsi aprelin 20-də “Independent”də dərc edilmiş “Dağlıq Qarabağ respublikasında futbol və ümid - unudulmuş region FIFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə cavabdır.
XİN-in mətbuat xidmətinin rəhbəri sözügedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib. O bildirib ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalistikanın prinsiplərinə uyğun gəlmir.
XİN rəsmisi yazır: “Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və bu ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir”.
Bildirilir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ klubu bəlkə də dünyada yeganə futbol klubudur ki, öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin Qarabağ futbol klubunu Azərbaycan üçün “siyasi şahmat” adlandırması yanlışdır.
“Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları Qarabağ futbol klubunun oyunlarını izləyəcəklər”, - deyə məqalədə qeyd edilir.