İQTİSADİYYAT
İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi verilib
Bakı, 5 avqust, AZƏRTAC
İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi verilib.
AZƏRTAC xəbər verir ki, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılacağı, 11 mindən çox yeni iş yerinin açılacağı planlaşdırılır. Təqdim edilmiş 182 sənədin 70-i kənd təsərrüfatı, 112-si isə sənaye istiqamətli fəaliyyət sahələri üzrə verilib. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məhsullarının istehsalı sahələrində reallaşdırılan layihələrə verilib.
Eyni zamanda, bu sənədlər əsasında texnikanın, texnoloji avadanlığın və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyekti tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır.